Peyğəmbərlərə iman, Peyğəmbərlərin xüsusiyyətləri hansılardır?
Əhli-sünnə vəl-camaat, uca Allahın qullarına müjdəçilər və xəbərdarlıq edənlər olmaqla, insanları hidayətə yönəltmək və qaranlıqlardan çıxarıb nura çatdırmaq üçün haqq dinə dəvət edən rəsullar, peyğəmbərlər göndərdiyinə qətiyyətlə inanır. Onların çağırışları cəmiyyətləri şirk və bütpərəstlikdən qurtarmaq, parçalanma və pozulmadan arındırmaq üçün idi. Onlar risalətlərini təbliğ etdilər, üzərlərindəki əmanəti əskiksiz yerinə yetirdilər, ümmətlərinə səmimiyyətlə nəsihət verdilər. Allah yolunda gərəyi kimi cihad etdilər.
Bu peyğəmbərlərdən birini inkar edənlər, hamısını inkar etmiş sayılırlar. Necə ki, Mövla Təala buyurur:
”Şübhəsiz ki, Allahı və peyğəmbərlərini inkar edərək kafir olanlar, habelə Allahla peyğəmbərlərinin arasını ayırmaq istəyənlər və: ‘bəzisinə inanırıq, bəzisini inkar edirik’ deyənlər və bunun arasında bir yol tutmağa çalışanlar, məhz onlar əsl kafirdirlər. Biz o kafirlərə alçaldıcı bir əzab hazırlamışıq. Allaha və peyğəmbərlərinə iman gətirib onlardan heç birini digərindən ayırmayanlara isə Allah mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.” (Nisa 150-152)
Allah-u Təala bir çox peyğəmbər göndərmiş, bunlardan bəzisini də Qurani-Kərimdə zikr etmişdir. Qurani-Kərimdə adı çəkilən 25 rəsul və peyğəmbər vardır. Bunlar:
1-Həzrəti Adəm (əleyhissalam)
2-Həzrəti İdris (əleyhissalam)
3-Həzrəti Nuh (əleyhissalam)
4-Həzrəti Hud (əleyhissalam)
5-Həzrəti Saleh (əleyhissalam)
6-Həzrəti Lut (əleyhissalam)
7-Həzrəti İbrahim (əleyhissalam)
8-Həzrəti İsmayıl (əleyhissalam)
9-Həzrəti İshaq (əleyhissalam)
10-Həzrəti Yaqub (əleyhissalam)
11-Həzrəti Yusif (əleyhissalam)
12-Həzrəti Əyyub (əleyhissalam)
13-Həzrəti Şueyb (əleyhissalam)
14-Həzrəti Musa (əleyhissalam)
15-Həzrəti Harun (əleyhissalam)
16-Həzrəti Zülkifl (əleyhissalam)
17-Həzrəti Yunus (əleyhissalam)
18-Həzrəti Davud (əleyhissalam)
19-Həzrəti Süleyman (əleyhissalam)
20-Həzrəti İlyas (əleyhissalam)
21-Həzrəti Əlyəsə (əleyhissalam)
22-Həzrəti Zəkəriyya (əleyhissalam)
23-Həzrəti Yəhya (əleyhissalam)
24-Həzrəti İsa (əleyhissalam)
25-Həzrəti Muhəmməd (əleyhissalam)
Quranda adı keçən üç mübarək şəxsin peyğəmbər olub-olmadığı ixtilaflıdır. Bunlar:
1-Həzrəti Üzeyir
2-Həzrəti Loğman
3-Həzrəti Zülqərneyn
Peyğəmbərlərin özlərinə məxsus bəzi xüsusiyyətlərinin olması zəruridir. O, bu sifətləri sayəsində uca Allah ilə qullar arasında elçilik etmək ləyaqətini qazanmış olur. Allah Təala belə buyurur: ”Allah elçiliyini hara verəcəyini (kimə tapşıracağını) ən yaxşı biləndir.” (Ənam 124)
Peyğəmbərlərdə olması vacib olan xüsusiyyətlər:
1-Sidq: Doğruluq deməkdir. Peyğəmbərlər son dərəcə doğru insanlardır. Əsla yalan danışmazlar. “Oldu” dedikləri olmuşdur, “olacaq” dedikləri zamanı gəlincə mütləq olacaqdır.
2-Əmanət: Etibarlı olmaq deməkdir. Peyğəmbərlər hər xüsusda etibarlı şəxslərdir, əsla xəyanət etməzlər.
3-Fətanət: Ağıllı və oyaq (fərasətli) olmaq deməkdir. Peyğəmbərlər yüksək zəka sahibidirlər.
4-İsmət: Günah işləməmək deməkdir. Peyğəmbərlər gizli və aşkar heç bir günah işləməzlər.
5-Təbliğ: Çatdırmaq deməkdir. Peyğəmbərlər Allahdan aldıqları dini hökmləri olduğu kimi, heç bir dəyişiklik etmədən insanlara çatdırmışlar.
Müsəlmanların böyük əksəriyyətinə görə peyğəmbərlərin küfrdən məsum (uzaq) oluşu vəhydən əvvəl də, sonra da sabitdir.
Peyğəmbərlərin vəhydən əvvəlki halına görə bəzi məzhəblərə görə, peyğəmbərlər vəhydən əvvəl də məsumdurlar. Bizə görə isə peyğəmbərlərin vəhydən əvvəl günah işləməsi, nadir olmaq şərtilə, mümkündür. Belələrinin halı nübüvvət (peyğəmbərlik) anında dərhal yaxşılığa və istiqamətə dönər.