Allahu Təala yaratdıqlarına bənzəməz
Kainatın yaradıcısının cisim, cövhər və ya əraz olması, surət və şəkil müzakirəsi, bir yöndə və ya bir yerdə bulunması muhaldır (imkansızdır). Yəhudilər, müfrit Rafizilər, Müşəbbihə və Kərramiyyə, Allahın cisim olduğunu iddia etmişdir. Hişam bin əl-Həkəm (Əbu Muhəmməd – Kufəlidir. Kəlamçılığı və münazirəçiliyi ilə tanınmışdır. Dövründə imamiyyənin rəisi sayılırdı. 190h./805m. illərində vəfat etmişdir) Onu surətlə vasifləndirirdi. Müşəbbihə ilə Kərramiyyə Onun ərş üzərində məkan tutduğunu irəli sürmüşdür. Bəziləri “O, məkan tutma mənasında olmaksızın Ərş üzərindədir” deyərək Onun üçün üst yön qəbul etmişdir. Nəccariyyə “O, zatı ilə hər məkanda”, Mötəzilə də “zatı ilə deyil, elmi ilə hər məkandadır” demişdir.
Bu görüşlərin hamısı da yanlışdır. Zira bunlarda yaradılmışlıq əlamətləri mövcuddur. Halbuki Allah, bu növ əlamətlərdən münəzzəhdir. Belə ki, cisim cövhərlərdən təşəkkül tapmışdır. Hər bir mürəkkəb şeyin parçalarına ayrılması mümkündür. Yenə cisim müəyyən bir həcmə sahibdir. Onun, daşıdığı bu həcmdən daha böyük və ya kiçik olması da mümkündür. O halda sahib olduğu həcmdə qərarlaşması ancaq bir təxsis edicinin ona bu həcmi verməsi ilə mümkün olmuşdur. Varlıqların daşıya biləcəyi şəkillər və surətlər də müxtəlifdir. Allahu Təalanın bütün bu şəkillərə girməsi muhal (imkansız) dır. Bu şəkillərin Özünə təxsis edilməsi də, Özündən daha üstün bir gücə dəlalət edər. Bu da muhaldır. Ən uca olan Allahdır.
ƏRŞ ÜZƏRİNDƏ MƏKAN TUTMAQ İDDİASI
Allah Təalanın ərş üzərində məkan tutmuş olması iddiasında da vəziyyət eynidir. Bu iddia varid olsa, Allah Təala ərşin miqdarına (səthinə, həcminə) ya tam bərabər gələcək, ya ondan kiçik və ya böyük olacaqdır. Əgər Onun miqdarına bərabər və ya ondan kiçik fərz edilərsə, Allahın məhdud və sonlu olması lazım gəlir. Sonlu olmaq isə hüdus (yox ikən sonradan meydana gəlmək) əlamətlərindəndir. Əgər Allah ərş üzərində məkan tutmuş olsaydı, üzərində qərar tuta bilməsi üçün alt tərəfdən məhdud olması gərəkirdi. Halbuki bir yöndən hüdudu olan bir şeyin, digər yöndən də hüdudu olar. Madəm ki, Allahın məkandan və cəhətdən münəzzəh olması əzəldə sabitdir (bu mövzuda müxaliflərimizlə ittifaq içindəyik)… O halda əzəldə yox ikən sonradan Allahın məkan və cəhət tutması demək, əzəldə olmayan bir mənanın Onun zatında hasil olması deməkdir. Beləcə O, hadislərə (sonradan olanlara) mahal təşkil etmiş olar. Bu isə muhaldır. Bunu iddia edənlərin dayağı olan “Rəhman olan Allah, Ərş üzərinə istiva etmişdir” (Taha 5) ayəti-kəriməsi müxtəlif ehtimallar daşıyır. Çünki bəzən “istiva” kəlməsi zikr olunur və ondan istila etmək, hakimiyyəti altına almaq, qəsd etmək, yönəlmək… bəzən tam və kamil olmaq mənaları, bəzən də qərar və məkan tutmaq mənaları anlaşılır. Bu ehtimallar qarşısında, Allahın ərş üzərində məkan tutduğunu irəli sürən görüşlərin lehinə bu ayəti-kərimədə bir məsnəd (dayaq) mövcud deyildir. Şübhə yoxdur ki, Allah ərşə istiva etdiyini bəyan edərək Özünü öymüş olur. Əgər “istiva etmək” yaradılmışlar haqqında mədh üçün zikr olunmuş olsaydı, hər halda ondan “məkan və qərar tutma” mənası anlaşılmazdı. Necə ki, şairin bu beytində vəziyyət eynidir: “Bişr İraq ölkəsinə hakim (istiva) olmuşdur, qılınc istifadə edilmədən, qan axıdılmadan.” (burada hakim olmuşdur mənası, şeirdə keçən “istiva” kəlməsindən qəsd edilən mənadır)
ZATI İLƏ HƏR MƏKANDADIR İDDİASI
Nəccariyyənin bu tərzdəki görüşü isə tamamilə yanlışdır. Çünki məkan tutma vəsfinə malik cismin belə eyni anda iki yer tutması imkansız ikən, məkan tutması əslində muhal olan Allahın bütün məkanları tutması necə təsvir oluna bilər?
ELMİ İLƏ HƏR MƏKANDADIR İDDİASI
Zatı ilə deyil də, elmi ilə hər məkanda bulunduğunu irəli sürən Mötəzilənin görüşü də eyni şəkildə yanlışdır. Çünki bir məkanı bilən kimsə haqqında “elmi ilə o məkanın içindədir” deyilməsi heç bir zaman doğru olmaz.
“ALLAH YUXARIDAMI”?
Şunu qeyd edək ki, yön baxımından yuxarıda olmaqda öyünülməyə dəyər bir şey yoxdur. Çünki mühafizəçi zahirən sultanın üst tərəfində durur, amma qüdrət və hakimiyyət baxımından sultan mühafizəçidən qat-qat üstündür.
Dua edilərkən əllərin göyə doğru qaldırılmasına gəlincə, bu, sadəcə səmimi bir qulluq və itaat nişanəsidir, eynilə səcdədə alnı yerə qoymaq və namazda Kəbəyə yönəlmək kimi. (Kəbəyə yönələn bir insan necə Allahın Kəbədə olduğunu iddia edə bilməzsə, əlləri yuxarı qaldırmaq da Allahın üstdə olduğu mənasına gəlməz.) Ki, Cənab-ı Haqq: “Ruziniz və sizə vəd olunan şeylər göydədir” (Zariyat 22) buyurmaqdadır. Bu danışılanlardan aydın oldu ki, Allah məkandan münəzzəhdir. Mahnı sözləri ilə insanların dillərində gəzən “Yuxarıda Allah var” sözü tamamilə yanlış və sapıq məzhəblərin görüşüdür. Bu yanlışa düşülməməsi lazımdır.