09.03.2026 - EHLİ SÜNNET MEDYA
Ehli Sünnet Medya

Allahın zati və sübuti sifətləri

Sifətlər mövzusuna keçməzdən əvvəl bu xəbərdarlığı etmək yerinə düşər: Allah Təalanın Quran və Sünnə çərçivəsində təsbit edilən bu sifətlərini oxuyarkən və iman gətirərkən, zehnimizdə bizdə olan xüsusiyyətlər canlanmamalıdır.

Məsələn, “Allahın görməsi” deyirik. Biz görmək üçün göz quruluşuna, gözün görmə mexanizminə, görüntünü qavrayan beyinə, işığa, rəngə və s. möhtacıq. Allah Təala üçün isə bunların heç biri düşünülə bilməz. Çünki O, möhtac deyildir. Möhtac olan “İlah” ola bilməz.

Dolayısıyla, Onun görməsindən bəhs edərkən, əslində insan və aciz olmağımız səbəbiylə öz acizliyimizlə tərif etməyə çalışırıq. Nə qədər izah etməyə çalışsaq da, bir o qədər aciz qalarıq. Zinhar Rəbbimizin görmə, eşitmə və s. sifətlərini öz duyğularınızla müqayisə etməyin. Bu, böyük bir xəta olar. Bizə düşən vəzifə Onu bütün acizliklərdən tənzih edərək (uzaq tutaraq) bu əsaslara iman gətirməkdir.

Bir müsəlmanın inancı, Allah Təalanın zatı və sifətləri ilə tək olduğuna inanmaq şəklində olmalıdır. Allah Təalanın zatı və sifətləri ilə bir olmasının mənası, Zatı və sifətləri xüsusunda bənzərinin və ortağının olmamasıdır.

Allah Təalanın sifətləri Tənzihi (Səlbi), Sübuti və Feili olmaqla üç qismə bölünür.

Tənzihi (Səlbi) Sifətlər

Allah Təalaya nələrin isnad edilə bilməyəcəyini (Onun nə olmadığını) bildirən sifətlərdir. Altı dənədir:

  1. Vücud: Yoxluğu düşünülə bilməyən, var olan. Bilirik ki, bu aləmdə heç bir şey öz-özünə var olacaq vəziyyətdə deyil. Bunların heç biri nə özbaşına var ola bilər, nə də yox ola bilər. Başqa sözlə, heç bir şey yoxluqdan varlığa öz-özünə gələ bilməz. Heç bir məxluq nə bir zərrəni var edə bilər, nə də onu yox edə bilər. İçində yaşadığımız dünya ilə bərabər sonsuz aləmlər meydana gəlmiş və davam etməkdədir. Bütün bunları yoxluqdan var edən və sonra yox edən, qüvvət və hikmət sahibi Uca Yaradanın varlığından əsla şübhə edilə bilməz.
  2. Qidəm: Varlığının başlanğıcı olmamaq. Əzəlilik – əvvəli olmamaqdır. Əvvəli olmayana “Qədim”, sonradan meydana gələnə isə “Hadis” deyilir. Allah Təala əzəlidir, qədimdir, varlığının başlanğıcı yoxdur. Ondan əvvəl “yoxluq” mövcud olmayıb.
  3. Bəqa: Varlığının sonu olmamaq. Əbədilik – sonu tapılmamaq sifətidir. Sonu olana “Fani”, sonu olmayana “Baqi” deyilir. Uca Allah Baqi sifəti ilə vəsf olunmuşdur; çünki əbədidir, varlığının sonu yoxdur. Onun yox olacağı bir zaman düşünülə bilməz. Hər şey yox olmağa məhkumdur; ancaq əzəmət və ikram sahibi Allahın varlığı qalıcı və baqidir.
  4. Vahdaniyyət: Ortağı və bənzəri olmamaq. Çoxalmaqdan, hissələrə ayrılmaqdan və əskilməkdən uzaq olmaq deməkdir. Bu sifətə sahib olana “Vahid” deyilir. Bu sifət yalnız Uca Allaha məxsusdur.
  5. Muxalifətun li’l-havadis: Yaradılmışlara heç bir cəhətdən bənzəməmək. Sonradan var olan şeylərdən fərqli olmaq sifətidir. Allah Təala yaradılmışların heç birinə, heç bir şəkildə bənzəməz. Ağıla gələn hər şeydən Allah Təala mütləq surətdə başqadır.
  6. Qiyam bi-nəfsihi: Varlığı üçün başqasına möhtac olmamaq. Varlığı və durması öz zatı ilə olmaq deməkdir. Allah Təalanın əzəli və əbədi varlığı öz zatı ilə qaimdir. Buna görə də Allaha “Vacibül-Vücud” (varlığı mütləq olan) deyilir. “Allahı kim yaratdı?” deyə soruşulmaz, çünki O, öz-özünə vardır, qədimdir.

Nəticə olaraq: Uca Allahı var edən bir varlıq düşünülə bilməz və Ondan başqa bir yaradıcı varlıq da ola bilməz.

SÜBUTİ SİFƏTLƏR

  1. Həyat: Diri olmaq.
  2. Elm: Bilmək.
  3. Səm’: Eşitmək.
  4. Bəsər: Görmək.
  5. Qüdrət: Gücü yetmək.
  6. İradə: Diləmək (İstəmək).
  7. Kəlam: Danışmaq.
  8. Təkvin: Yaratmaq, var etmək.

Bu sifətlərin yox sayılması halında, onların ziddi olan aşağıdakı (noksan) sifətlər ortaya çıxar:

  1. Mövt: Ölü olmaq.
  2. Cəhl: Bilməmək.
  3. Səməm: Kar olmaq.
  4. Amâ: Kor olmaq.
  5. Acz: Aciz olmaq.
  6. Kərahət: İstəksiz olmaq.
  7. Bəkəm: Lal olmaq.

Maturidilər Allah Təalanın sübuti sifətlərinə “yaratmaq, var etmək” mənasına gələn “Təkvin” sifətini də əlavə edərək, sübuti sifətlərin səkkiz ədəd olduğunu söyləmişlər. Bu Təkvin sifəti yox sayıldıqda onun ziddi olan məna (acizlik) ortaya çıxmaz. Çünki Allah Təala haqqında “Təkvin” (yaratmaq) sifəti düşünülə bildiyi kimi, hikmətinə görə yaratmamaq da düşünülə bilər.

Sübuti Sifətlər Haqqında İzahlar:

1. Həyat (Allah Təalanın diri olması): Allah Təala diridir. Bu diriliyi əzəli və əbədi olub, başlanğıcı və sonu yoxdur. Sonradan olma (hudüs) və ya yox olmaq (fəna) xüsusiyyətinə malik deyildir.

2. Elm (Hər şeyi bilməsi): Allah Təala yerdə və göydə olan hər şeyi bilir; Onun üçün gizli və aşkar deyə bir şey yoxdur. Kainatdakı yarpaqların sayı, çiçəklərin, dənələrin, qumların miqdarı və dənizlərin damlaları Ona məlumdur. Keçmişi, gələcəyi, insanın qəlbindən keçən düşüncələri, dili ilə danışdıqlarını, daxilini və xaricini çox yaxşı bilir. O, hüzurda olanları (görünənləri) və qeyb olanları (görünməyənləri) bilir. Qeybi yalnız O bilir; başqaları ancaq Onun bildirməsi ilə bilə bilər. O, unutmaqdan və yanılmaqdan uzaqdır. Bilməsi Öz zatındandır; duyğu orqanları və ağıl kimi vasitələrlə deyildir.

3. Səmi’ (Hər şeyi eşitməsi): Allah Təala Səmi’dir (eşidəndir). Səsli və ya səssiz hər şeyi eşidir. Bir kimsənin qulağına pıçıldanan və başqasının eşitmədiyi şeyləri də eşidir. Eşitməsi qulaq kimi bir alətlə deyildir; əzəlidir və yox olan deyildir.

4. Bəsər (Hər şeyi görməsi): Allah Təala hər şeyi görəndir. Zifiri qaranlıq bir gecədə qara daşın üzərində yeriyən qara qarışqanı görər, ayağının səsini eşidər. Onun görməsi göz vasitəsilə deyildir. Bu sifət həm əzəli, həm də əbədidir.

5. İradə (Diləməsi): İstəmək və seçim etmək sifətidir. Allahın iradəsi əzəlidir. Allah yaradacağı şeyləri bu iradə sifəti ilə hikmətinə uyğun olaraq meydana gətirməyi diləyir və dilədiyi şey mütləq olur. O diləmədikcə heç bir şey var olmaz və yox olmaz. Allah bütün bu kainatı əzəli iradəsi üzrə yaratmışdır. Müxtəlif rəngli, dadlı meyvələrin, ağacların eyni torpaq və sudan yetişməsi bu əzəli iradənin nəticəsidir. Allah üçün məcburiyyət düşünülə bilməz; O, hər şeyi Öz istəyi ilə yaradır.

“Allah dilədiyini dərhal edər.” (Hud: 107)

6. Qüdrət (Hər şeyə gücü yetməsi): Allah Təala hər şeyə qadirdir. O, mümkün olan hər şeyi yaradır. İstəsə ölüyə həyat verər, ağacı və daşı danışdırar. Onun gücünün yetmədiyi heç bir şey yoxdur. Dağları qızıl və gümüşə çevirə bilər, çayları tərsinə axıdar. Onun qüdrəti əzəli və əbədidir.

7. Kəlam (Hərf və səsə möhtac olmadan danışması): Allah Təala danışır, lakin Onun danışması bizə bənzəməz, dil ilə deyildir. Bəzi bəndələrinə vasitəsiz müraciət etmişdir (məsələn, Tur dağında Musa peyğəmbərə (ə.s) və meracda Rəsulullah peyğəmbərə (s.a.s)). Bəzən də Cəbrayıl (ə.s) vasitəsilə xitab etmişdir. Qurani-Kərim Allah Təalanın sözüdür, məxluq (yaradılmış) deyildir.

8. Təkvin (Dilədiyini yaratması): Zərrədən kürrəyə qədər hər şeyi O yaratmışdır. Ondan başqa Xaliq (yaradan) yoxdur. Canlıların hərəkət və sükunətlərini, itaət və üsyanlarını, iman və küfrlərini, xeyir və şərri yaradan Odur. Bizə verdiyi “cüz’i iradə” ilə bizi işlərimizin faili (icraçısı) etmişdir; buna görə də hər kəs əməllərinə görə cəza və ya mükafat görəcəkdir. Atəşlə təmasda istiliyi və ya yanmanı yaradan Odur. Əgər Allah diləsə, atəş yandırmaz (İbrahim peyğəmbərin (ə.s) misalında olduğu kimi). Toxluğu yaradan da Allahdır; O yaratmasaydı, insanlar nə qədər yesələr də doymazdılar.

Yekun

Allahın bu sifətləri Onun zatı ilə qaimdir, əzəlidir və dəyişməzdir. Allah Təalanı bu sifətlərlə tanıyan bəndə “Arif” (Allahı tanıyan) sayılar. Allahı bu sifətlərin ziddi olan nöqsan xüsusiyyətlərlə vəsf edən isə mömin sayılmaz. Məsələn, yəhudi və xristian dünyası Allaha inandıqlarını iddia etsələr də, Ona övlad və ya həyat yoldaşı isnad etdikləri üçün kafir sayılmışlar.

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAPABİLİRSİNİZ